Hakim Gəncədə elə məhkəmə zalındaca həbs edildi

Elsun Əhmədov

Bərdə rayon Məhkəməsinin keçmiş hakimi Elsun Əhmədov məhkəmə zalındaca həbs olunub. Ona 5 il həbs cəzası kəsilib.

Rüşvət almaqda suçlanan E.Əhmədovun məhkəməsi bir ilə yaxındır Gəncə Ağır Cinayətlər Məhkəməsində gedirdi.

Cinayət işinin materiallarında iddia olunur ki, E.Əhmədov Bərdədə məhkəmə hakimi çalışarkən, narkotik satışı ilə bağlı icraatındakı cinayət işində təqsirləndirilənə yüngül cəza verməkdən ötrü onun yaxınlarından rüşvət alıb.

Ötən il fevralın 6-da saxlanılan E.Əhmədov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə suçlansa da, istintaq və məhkəmə gedən dövrdə onun ev dustaqlığında qalmasına qərar verilib.

Minimum həddən də aşağı həbs cəzası

E.Əhmədov məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib. O, heç kimdən rüşvət istəmədiyini və almadığını vurğulayıb. Barəsindəki cinayət işini qurama adlandıran hakim son sözündə də məhkəmədən bəraət istəyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsi onu təqsirli sayıb. E.Əhmədovun ittiham olunduğu CM-in 311.3.3 maddəsində cəza 8 ildən başlasa da, ona minimum həddən də aşağı - 5 il həbs cəzası kəsilib.

E.Əhmədovun hakimlik fəaliyyətinin müddəti 2023-cü il dekabrın 21-də başa çatıb və uzadılmayıb. Bununla belə, o, ötən il yanvarın sonunadək icraatında olan əvvəlki işlərə baxmaqda davam edib.

E.Əhmədov 2021-ci ilin əvvəlində Bərdə rayon Məhkəməsinin hakimi təyin edilib. Onun fəaliyyəti barədə mediada daha öncə də vətəndaşların xeyli şikayəti yayılıb.

Sumqayıtda çalışan hakim də cəzalandırılıb

Sumqayıt şəhər Məhkəməsinin 11 il hakimi olmuş İlyas Mahmudov da 2022-ci ildə rüşvət alma, bilərək qanunsuz qərarlar çıxarmaqda suçlanaraq həbs edilmişdi. 2023-cü ilin dekabrında ona 9 il həbs cəzası kəsilsə də, özünü təqsirli bilməyib, şərlənərək həbs olunduğunu deyib. Keçmiş hakim bir çox işlərdə maraqlarına zidd qərarlar verdiyindən Sumqayıt şəhər İcra Hakimiyyəti ilə münasibətlərinin gərgin olduğunu və bu üzdən basqılara məruz qaldığını söyləyib.