Bakıda eyni həkimlə bağlı ölümə görə ikinci cinayət işi: ilk dəfə niyə cəza almamışdı?

Sizin brauzer HTML5-i dəstəkləmir

'Kim dedi, ikinci gözümü də şikəst edəsən?' - Səhiyyə Nazirliyinə korrupsiya ittihamları

Bakıda gənc qadının burun əməliyyatından öldüyünə görə estetik cərrah Sənan Mehdiyev həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən bilgiyə görə, ona Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham verilib.

30 yaşlı Nəzrin Mansurlu yanvarın 3-də metronun "20 Yanvar" stansiyası yaxınlığında yerləşən "Mərcan Medicare" klinikasında burnundan əməliyyat edilib. Sonra o, durumu ağırlaşdığından yanvarın 5-də "Bona Dea" hospitalına yerləşdirilib. Komaya düşən N.Mansurlunun həyatını xilas etmək mümkün olmayıb.

Həkim S.Mehdiyevlə bağlı istintaq Nəsimi rayon Prokurorluğunda aparılır. Onun suçlandığı CM-in 314.2 maddəsində 5 ilədək azadlığının məhdudlaşdırılması, ya da eyni müddətə həbs nəzərdə tutulub.

S.Mehdiyevin bu ittihama münasibəti bilinmir.

Həkim S.Mehdiyev gerçəkləşdirdiyi əməliyyata görə ikinci dəfə cinayət məsuliyyətinə cəlb olunur. O, birinci dəfə 2015-ci ildə "StarMed" klinikasında əməliyyat zamanı yaşamını itirən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi, 18 yaşlı Leyla Mürsəlovanın ölümünə görə cəzalandırılmışdı.

AzadlıqRadiosunun bilgisinə görə, həmin vaxt da S.Mehdiyev CM-in 314.2 maddəsi ilə təqsirləndirilsə də, istintaq və məhkəmə dövrünü həbsdə keçirməyib. Məhkəmə prosesi başlanandan sonra hakim onun haqqında qətimkan tədbirini dəyişib, məhkəmə zalında həbs etdirsə də, bir həftə sonra ev dustaqlığına buraxılmışdı. Hökm çıxarılarkən, məhkəmə ona 8 ay 23 gün azadlıqdan məhrumetmə cəzası kəssə də, ev dustaqlığında olduğu müddətlə əvəzləyib cəzası çəkilmiş sayılmışdı.

S.Mehdiyev L.Mürsəlovanın ölümünə görə özünü təqsirli bilməyib.

Bu hadisəyə görə onunla yanaşı, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov da məsuliyyətə cəlb edilmişdi. Yasamal rayon Məhkəməsinin hökmü ilə E.Quluzadəyə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməklə, 2 il cəza verilmiş, C.Sultanovsa şərti cəza almışdı.