Ermənistan Xarici Kəşfiyyat xidməti yanvarın 23-də yayımladığı illik hesabatında "müxtəlif fakt, bilgi və hadisələrin təhlili əsasında bu qənaətə gəlib ki, indi Azərbaycanın Ermənistan əleyhinə genişmiqyaslı hücuma keçmə ehtimalı yüksək sayılmır".
Sənəddə bu da vurğulanır ki, sülh sazişi və dövlətlərarası münasibətlər olmadığından sərhəddə lokal gərginlik və eskalasiya riski qalır: "Bu riskin aradan qaldırılması üçün potensial təminat 2024-cü ildə başlanan sərhədlərin delimitasiya və demarkasiya prosesinin aramsız davam etdirilməsi ola bilər".
Ermənistan Xarici Kəşfiyyat Xidməti Azərbaycanın bu ölkə ilə bağlı "Qərbi Azərbaycan" və "qərbi azərbaycanlılar", "Ermənistanın hərbiləşdirilməsi", "revanşizm" və “Zəngəzur dəhlizi" kimi mövzularını diqqətlə izlədiyinə də diqqət çəkir.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19 və 20-də Qarabağda "lokal antiterror tədbirlər" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.