Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 07:27

Trampın andiçmə mərasiminin qonaqları


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl Vaşinqtonda keçirilən mitinqdə çıxış edir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl Vaşinqtonda keçirilən mitinqdə çıxış edir.

ABŞ siyasi sisteminə yad şəxs olan yeni seçilmiş prezident Donald Tramp tez-tez diplomatik normalardan yayınır. Bu mənada onun andiçmə mərasiminin ənənələri pozması təəccüblü deyil.

ABŞ mediasının məlumatına görə, son 100 ildə D.Tramp andiçmə mərasiminə xarici liderləri dəvət edən ilk seçilmiş prezidentdir. Tarixən bu tədbirdə, əsasən, xarici diplomatlar və səfirlər iştirak ediblər.

"Xarici liderlərin bu cür iştirakı qeyri-adi haldır, çünki andiçmə mərasimi, əsasən, daxili siyasi tədbir kimi qəbul edilir", –Virciniya Texnologiya Universitetinin ictimai əlaqələr və siyasət sahəsində ixtisaslaşan professoru Keysi Mayers bildirib.

Dəvət olunan xarici liderlər arasında İtaliyanın mühafizəkar baş naziri Corca Meloni, Argentinanın sağçı populist prezidenti Xavyer Miley var. Çin vitse-prezidenti Han Çjen də mərasimdə iştirak edəcək.

Professor Mayersin sözlərinə görə, Tramp bu cür genişmiqyaslı tədbirləri, məsələn, andiçmə mərasimini əlaqələr qurmaq və ortaq məqamlar tapmaq üçün bir fürsət kimi istifadə edir: "Bu, diplomatiyanı çox fərqli bir şəkildə idarə etmək üsuludur və biznes yanaşmasına əsaslanır".

VIP qonaqlar arasında texnologiya milyarderləri də var

Andiçmə mərasiminə dəvət olunan digər VIP qonaqlar arasında ABŞ-nin texnologiya sahəsindəki ən nüfuzlu şəxsləri – X və "Tesla"nın sahibi İlon Mask, "Meta"nın qurucusu Mark Zukerberq və "Amazon"un qurucusu Ceff Bezos da var. Bildirilir ki, "Apple", "OpenAI", "Uber" və "TikTok"un baş icraçı direktorları da dəvət alıblar.

Bəzi şirkətlər Trampın inauqurasiya fondu üçün ianələr ediblər və nəticədə rekord məbləğ – 170 milyon dollardan çox vəsait toplanıb.

ABŞ-nin texnologiya mərkəzi sayılan Silikon Vadisi 2016-cı ildə Trampın gözlənilməz qələbəsinə ehtiyatla yanaşmışdı. 2024-cü il seçki kampaniyasında Trampın ən böyük donorlarından biri olan İ.Mask həmin il onun rəqibi Hillari Klintonu dəstəkləmişdi.

Donald Tramp Vaşinqtonda ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl keçirilən mitinqdə "Tesla" baş direktoru İlon Maskı salamlayır.
Donald Tramp Vaşinqtonda ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl keçirilən mitinqdə "Tesla" baş direktoru İlon Maskı salamlayır.

Trampın 2017-ci ildəki andiçmə mərasimində VIP sektorunda yer alan iş adamları arasında kazino və maliyyə sektorunun milyarderləri də var idi.

Ekspertlərin fikrincə, Silikon Vadisinin mövqeyindəki bu dəyişiklik texnologiya tənzimləmələri və tariflər məsələsində qərarların qəbulunda söz sahibi olmaq istəyindən irəli gəlir.

Corc Vaşinqton Universitetinin siyasi tarix üzrə professoru Mettyu Dallekin sözlərinə görə, texnologiya şirkətləri bizneslərinə təsir göstərə biləcək yeni tariflərdən müəyyən güzəştlər əldə etməyə çalışacaqlar. Professor hesab edir ki, Bayden administrasiyası "Amazon"u inhisarçılıqda günahlandırmaqla, "Google"un bölünməsi üçün hüquqi addımlar atmaqla, "Meta"ya qarşı məhkəmə iddiası qaldırmaqla, elektrik avtomobillərinə həsr olunmuş Ağ ev tədbirində "Tesla"nı diqqətdən kənarda qoymaqla və kriptovalyuta sektoruna qarşı sərt mövqe sərgiləməklə Silikon Vadisinin dəstəyini itirib.

"Texnologiya sektorunda çalışan bir çox şəxs Bayden administrasiyasının onları sərt şəkildə tənzimləmək və fəaliyyətlərini məhdudlaşdırmaq cəhdlərindən narahat idi. Onlar bunu aqressiv bir təzyiq kimi qəbul edirdilər", – Dallek deyib.

"Bundan əlavə, texnologiya liderləri Ağ evdən gələn mənfi açıqlamaların sayının artdığını hiss edirdilər. Onlar yeni rəqəmsal dövrün qəhrəmanları kimi tanınmağı gözlədikləri halda, Bayden administrasiyası bəzi rəsmilərinin onları günahlandırdıqlarını düşündülər", – o əlavə edib.

Yanvarın 15-də ölkəyə vidalaşma nitqində Co Bayden Amerikada "təhlükəli oliqarxiya"nın formalaşmağa başlaması və bu oliqarxiyanın gücünün demokratiyaya təhdid yaratması barədə xəbərdarlıq edib.

"Gücün bir neçə varlı şəxsin əlində təhlükəli şəkildə cəmləşməsindən narahatam", –Bayden adı çəkmədən bildirib.

Dünyanın ən varlı adamı olan İ.Maskın Tramp üzərində böyük təsir gücünə malik olduğu güman edilir. Yeni seçilmiş prezident D.Tramp öz administrasiyasında Maska vəzifə də verib. Mask dövlətin səmərəliliyini artırmaq, o cümlədən israf hesab olunan xərcləri kəsmək məqsədilə yaradılacaq komissiyaya rəhbərlik edəcək.

Erik Tramp, həyat yoldaşı Lara Tramp, oğlu Luka və qızı Karolina, kiçik Donald Tramp və qızı Kay Tramp Donald Trampın ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl Vaşinqtonda keçirilən mitinqdə.
Erik Tramp, həyat yoldaşı Lara Tramp, oğlu Luka və qızı Karolina, kiçik Donald Tramp və qızı Kay Tramp Donald Trampın ikinci müddətə inauqurasiya mərasimindən bir gün əvvəl Vaşinqtonda keçirilən mitinqdə.

Soyuq havaya görə mərasim qapalı məkanda baş tutacaq

1981-ci ildən etibarən andiçmə mərasimi ABŞ-nin Kapitoli binasının qərb ön tərəfində keçirilir, burada bu tədbir üçün 1 min 600-dən çox insanı qəbul edə bilən bir platforma qurulur.

Mərasimdə adətən səlahiyyət müddəti bitən prezident, vitse-prezident və onların ailələri, yeni seçilmiş prezident, vitse-prezident və onların ailələri, keçmiş prezidentlər və onların həyat yoldaşları, kabinet üzvləri və namizədlər, Konqresin 535 üzvü, Ali Məhkəmənin doqquz üzvü, xarici səfirlər, Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri, qubernatorlar və digər qonaqlar, o cümlədən yeni seçilmiş prezidentin müşavirləri, yaxın dostları, əsas donorlar və məşhurlar iştirak edir.

Trampın andiçmə mərasiminə qatılacağı bildirilən məşhurlar arasında keçmiş boks çempionu Mayk Tayson və digər idmançılar, həmçinin musiqiçilər də var.

Konqresin bir neçə Demokrat üzvü, həmçinin partiyanın ən güclü fiqurlarından biri olan Nensi Pelosi andiçmə mərasimində iştirak etməyəcəklərini bildiriblər. Mərasimi kənarda qoyan digər məşhur şəxslər arasında keçmiş birinci xanım Mişel Obama da var.

Soyuq hava şəraiti səbəbindən builki andiçmə mərasimi 1985-ci ildən bəri ilk dəfə olaraq Kapitoli binasının mərkəzi rotondasında keçiriləcək. Rotanda təxminən 600 nəfəri qəbul edə bilir, bir çox yüksəkrütbəli qonaqlar tədbirdə iştirak edə bilməyəcəklər.

Yanvarın 20-si axşam yeni seçilmiş prezidentin şərəfinə andiçmə balları - şənlik və rəqs tədbirləri planlaşdırılır.

XS
SM
MD
LG