Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 00:35

İmişlidə avtomobil qəzasında xəsarət alanlardan daha bir uşaq ölüb


Olaydan sonra İmişlidə etiraz aksiyası keçirilmişdi.
Olaydan sonra İmişlidə etiraz aksiyası keçirilmişdi.

Yanvarın 18-də İmişli rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan azyaşlılardan biri vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Turan"ın sorğusuna cavab olaraq bildirilib ki, Yeni Klinikaya hospitalizasiya olunan azyaşlının yanvarın 22-də saat 01:45 radələrində ölüm faktı qeydə alınıb.

Yanvarın 18-də İmişli şəhərində iki nəfərin ölümü və daha bir neçə şəxsin yaralanması ilə nəticələnən avtomobil qəzası baş vermişdi. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobilinin başqa bir nəqliyyat vasitəsilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara da xəsarət yetirmişdi. Qəza nəticəsində əvvəl ölənlər də uşaqlar olmuşdu. Olaydan sonra rayonda etiraz aksiyası keçirilmişdi və aksiya iştirakçılarından bir çoxu saxlanmışdı.

21 yanvar

İmişlidə 17 yaşlı sürücü həbs edilib

İmişli rayonunda kütləvi etirazlara və iki azyaşlının ölümünə səbəb olan yol qəzası ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

Məlumatda qəza ilə bağlı 17 yaşlı sürücünün həbs edildiyi bildirilir.

"Yanvarın 18-də, İmişli şəhəri ərazisində "Mercedes-Benz" markalı fərdi nəqliyyat vasitəsi və "BMW" markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb", - məlumatda əlavə edilir.

Vurğulanır ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü şəxsin qohumuna məxsus "Mercedes Benz 190" markalı avtomobili "...qaçıraraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sürüb": "Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmasına və avtomobili qəza yerində saxlayaraq qaçmasına şübhələr müəyyən edilib... Müstəntiqin vəsatəti əsasında İmişli rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib".

Məlumatda DYP avtomobilinin əməkdaşının taleyi ilə bağlı məlumat verilmir.

Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxsin yaxınları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.

20 yanvar

İmişlidə saxlananlara işgəncə verildiyi deyilir

Yanvarın 18-də İmişli şəhərində iki nəfərin ölümü və daha iki nəfərin ağır yaralanması ilə nəticələnən avtomobil qəzasından sonra baş verən etiraz aksiyasının saxlanan iştirakçılarına işgəncələr verildiyi bildirilir.

Bu barədə saxlandığı bildirilən bəzi şəxslərin yaxınları məlumat verib. Onların sözlərinə görə, Dövlət Yol Polisinin (DYP) avtomobilini aşıranlar, onu təpikləyənlər, habelə "istefa" şüarı səsləndirənlər daha amansız rəftara məruz qalıblar: "Aksiya zamanı və ondan sonra saxlanılanlarla çox pis rəftar olunub. Avtomobili aşıranlar, onu təpikləyənlər və "istefa" şüarı səsləndirənlərə olmazın işgəncələr verilib. Həmin axşam və gecə saatlarında polis idarəsindən xəstəxanaya aparılanlar olub".

Yanvarın 18-də və sonrakı günlərdə İmişli rayon Məhkəməsinin də işlədiyi bildirilir.

"Saxlanılanlar barədə, hələlik, 15-30 sutkalıq inzibati həbs qərarları çıxarılır", - adının çəkilməsini istəməyən rayon sakinlərindən biri deyib.

Yerli mənbələr onu da bildirirlər ki, kənar yerlərdən İmişliyə xeyli polis cəlb olunub: "Rayonda elan olunmamış fövqəladə vəziyyət rejimi yaradılıb. Axşam və gecə saatlarında evlərə basqın edib, qanunsuz axtarış aparırlar. Axtardıqları şəxsi tapmayanda ailə üzvləri təhdid olunur. Bəziləri elə evinə qayıdarkən küçədə ikən tutulub".

"'İstefa" qışqıranları elə döyülüblər ki..."

Polis idarəsinə aparılıb, lakin bir sutka saxlanılandan sonra sərbəst buraxılanların da az olmadığı deyilir: "Onların bəziləri aksiya iştirakçılarının müəyyənləşdirilməsi üçün sorğu-sual edilir. Sosial şəbəkələrdə canlı yayım, paylaşım etmiş şəxslər də dindirilməyə cəlb olunub. Amma "istefa" qışqıranları elə döyüblər ki, indi bir çoxu yatağa düşüb, bədənləri qapqaradır. Saxlanılanların bəziləri barədə yaxınları hələ də məlumat ala bilmədiklərini deyirlər".

Hələlik, bütün bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma bundan öncə Daxili İşlər Nazirliyindən saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddialar, bir qayda olaraq, yalanlanıb.

"Saxlanılan çoxdur"

Ümumilikdə saxlananların sayının 100 nəfərdən çox olduğu bildirilir. AzadlıqRadiosuna məlumat verən rayondakı qaynaq onlardan bir bölümü haqqında cinayət işi başlandığını və istintaq getdiyini deyir. Həmin qaynaq saxlanılanlardan bir qrupun da inzibati qaydada həbs olunduğunu bildirir: "Bir xeyli adam da xırda xuliqanlıq ittihamı ilə sutkalıq həbsə göndərilib. Onlar polis şöbəsindən hissə-hissə məhkəməyə aparılır, həbs qərarları alınır. Yanvarın 19-da da bir neçə nəfərin qərarı alınıb, bu gün də. Hələ davam edir, qərar verilir ki, kim sutkalıq həbsə göndərilsin, kimə cinayət işi açılsın. Saxlanılan çoxdur".

Bu bilgini məhkəmədən də AzadlıqRadiosuna təsdiqləyiblər. Oradan bildirilib ki, saxlanılan şəxslər yanvarın 19-da axşam saat 6-7 radələrində İmişli rayon Məhkəməsinə gətirilib. Yanvarın 20-də isə günorta saatlarında daha bir neçə nəfər saxlanılan şəxsin işinə baxılıb: "Gətirilənlərin hamısı haqqında İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib edilib. Onlara 1 ayadək inzibati həbs verilib".

19-20 yanvar qeyri-iş günlərinə təsadüf etsə də, bu işlərə baxmaqdan ötrü bir neçə hakimin məhkəməyə çağrıldığı bildirilir.

İnzibati qaydada həbs olunanlar arasında İmişli rayon sakinlərindən Orxan Əhmədli, Elvin Pənahov, Elşad Mirzəməmmədov, Amil Səmədov, Səlim Rüstəmov və Elçin Əsədov da var.

Xatırlatma

Yanvarın 18-də günorta saatlarında İmişli şəhərində baş verən ağır yol nəqliyyat hadisəsi rayonda gərginliyə səbəb olmuşdu. Şadlinski küçəsində Dövlət Yol Polisi (DYP) avtomobilinin başqa bir nəqliyyat vasitəsilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Qəza nəticəsində iki nəfər yerindəcə həlak olub, daha iki nəfər ağır yaralanıb.

Bundan sonra rayonda etiraz aksiyası keçirilmişdi. Daxili İşlər Nazirliyindən (DİN) isə bildirilmişdi ki, İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə, bir qrup şəxs saxlanıb. Amma nazirlik saxlananların sayını açıqlamamışdı.

XS
SM
MD
LG