Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:11

Türkiyəli ərlərin Türkmənistana müraciəti: 'Xanımlarımızı qaytarın'


Yılmaz Özkan türkmən həyat yoldaşı Maysa ilə.
Yılmaz Özkan türkmən həyat yoldaşı Maysa ilə.

2023-cü ilin martında Yılmaz Özkan İstanbul hava limanında həyat yoldaşını Türkmənistana yola salırdı. Onun xanımı Maysa xarici pasportunun müddətini uzatmaq üçün ölkəsinə uçurdu.

Aşqabaddakı Türkiyə səfirliyindən ailə vizası alsa da, Maysa o vaxtdan bəri Türkiyədəki evinə qayıda bilməyib.

Bu yaxınlarda ailə xəbər tutub ki, Maysa Türkmənistanı 2028-ci ildən tez tərk edə bilməz. Buna səbəb onun ölkəni 5 il ərzində tərk edə bilməməsi barədə Türkmənistan hökumətinin qərarıdır. Hökumət niyə bu qərara gəldiyini açıqlamayıb.

"Siz bir-birini sevənləri qovuşdurmalısınız"

Digər hüquqqoruma üsulları tükəndiyindən Yılmaz ötən il Türkmənistanın avtoritar prezidenti Sərdar Berdiməhəmmədovun adına müraciət ünvanlayıb: "Siz Türkmənistan kimi böyük bir ölkənin rəhbərisiniz. Biz sadə vətəndaşlarıq. Siz bir-birini sevənləri qovuşdurmalısınız. Mən Türkmənistan prezidentindən xahiş edirəm ki, həyat yoldaşımın yanıma qayıtmasına icazə versin".

Yılmaz həmin müraciətinə hələ rəsmi cavab almayıb.

Belə məsələylə üzləşən yalnız Yılmaz deyil. AzadlıqRadiosu ilə söhbətləşən Yılmaz 60-dək türkiyəli kişinin "WhatsApp"da bir qrup yaratdığını deyib. Onların türkmənistanlı həyat yoldaşları doğma ölkələrinə gedəndən sonra, əslində, tələyə düşüblər.

İddia edilir ki, qazla zəngin Türkmənistan vətəndaşlarının elliklə Türkiyəyə axınından utanır. Bu meyl pis yönəldilən iqtisadiyyatda imkansızlığa işarədir və rəsmilərin şəxsi fikrincə, əhalinin sürətlə ölkəni tərk etməsinə yol açır.

Rəsmi Ankara 2022-ci ildə Türkmənistan hökumətinin xahişiylə ölkə vətəndaşları üçün vizasız gediş-gəlişləri ləğv edib. O vaxtdan bəri ölkə pasportlarının yenidən verilməsində gecikmələr sistemli hal alıb.

Türkmənistanın diplomatik missiyaları da xaricdə yaşayan həmvətənliləri üçün etibarlılıq müddəti bitmiş sənədlərin vaxtını uzatmaq və ya itirilmiş pasportların yenisiylə əvəzləmək prosesini dayandırıb. Ötən ilin sonunda müvəqqəti səfər sənədləri ləğv edilib.

Əcnəbilərə ərə gedən türkmən qadınlarıyla belə davranış rəsmi Aşqabadın vətəndaşlarını ölkə daxilində saxlamaqdan ötrü ifrat hal alan ən sonuncu üsullardan biridir.

Ötən il türkmən dissidentlərin Avropadakı Turkmen.News nəşri bildirib ki, Türkiyənin bəzi miqrasiya qaydalarını asanlaşdırmağına cavab olaraq, hakimiyyət sərnişinləri kütləvi şəkildə təyyarədən endirməyə başlayıb.

Rüstəm Arslan həyat yoldaşı Dilfuzə ilə
Rüstəm Arslan həyat yoldaşı Dilfuzə ilə

Türkiyəli ərlər uçuruma düşürlər

"WhatsApp" qrupunun digər üzvü Rüstəm Arslan da həyat yoldaşı Dilfuzə ilə yenidən bir araya gəlmək üçün Türkiyə və Türkmənistan hökumətlərinə müraciət edib.

Türkiyə Miqrasiya Xidmətinin ötən ilin dekabrında açıqladığı bilgilərə görə, 205 min 369 türkmənistanlı, rəsmi olaraq, Türkiyədə yaşayır. Onların gerçək sayının daha yüksək ola biləcəyi deyilir.

Türkiyə 2023-cü ildə əvvəlcə miqrasiya qanunları pozduğu üçün Dilfuzəni deportasiya edib və 2026-cı ilədək ölkəyə girişini yasaqlayıb.

Daha sonra Türkiyə rəsmiləri Rüstəmə deyiblər ki, Türkmənistan hakimiyyəti həyat yoldaşına ölkəni tərk etməyə icazə versə, o, Türkiyəyə qayıda bilər.

"Bu baş vermədi. İndi Türkiyə XİN Dilfuzənin məsələsini "Türkmənistanın daxili işi" saydığını bildirir", - AzadlıqRadiosunun türkmən xidmətinə belə deyən Rüstəm İstanbuldakı Türkmənistan konsulluğu rəsmilərinin onu binaya belə buraxmadıqlarını da söyləyib.

"İnsan sevdiyi adamdan ayrılanda uçuruma düşür. Səhər yuxudan, səhər yeməyinə iştahanız olmur, nahar etmək olmur. Üstəlik, mənim bir biznesim var. Hətta özümü pis hiss edəndə, ağrıyanda belə, durub mağazanı açmalıyam, axı təkəm", - o, təzəlikcə evləndiyi xanımı haqqında belə deyib.

"Hərəkət sərbəstliyinə özbaşına müdaxilə"

Türkmənlər pandemiya zamanı ölkələrinin diplomatik missiyasının fəaliyyət göstərməməsini və Türkiyədə konsulluq xidmətlərinin olmamasını kəskin tənqid edirdilər. Kiçik bir qrup ara vermədən İstanbuldakı Türkmənistan konsulluğunun önündə etiraz aksiyaları keçirirdi.

Pasport məsələsi belə etirazlara aparan bir çox səbəbdən biri idi.

Türkmən Helsinki İnsan Haqları Fondunun (THF) və "Human Rights Watch" təşkilatının noyabr hesabatında qeyd olunub ki, "Vətəndaşlarının pasportlarını yeniləməkdən Türkmənistan hakimiyyətinin imtina etməsi miqrantların yaşadığı ölkələrdə hüquqi status almalarını əngəlləyir" və bu, "onların sərbəst hərəkət etmək hüququna özbaşına müdaxilədir".

Konsulluq ərazisində nümayişçilərə hücumlardan sonra etiraz aksiyalarının sayı azalıb. Hücuma məruz qalanlar hücum edənlərdən birinin konsulluq işçisi olduğunu söyləyiblər.

Görünən odur ki, nümayişlər Türkmənistan hakimiyyətini qorxuya salıb. Ölkədə, demək olar, vətəndaş cəmiyyəti yoxdur və hər hansı bilgiyə sərt nəzarət var.

Daha sonra Türkiyə hüquq-mühafizə orqanları bir neçə fəalı saxlayaraq deportasiya olunacaqlarıyla hədələyib. Həmin fəallar AzadlıqRadiosuna bildiriblər ki, bu, böyük ehtimalla, rəsmi Aşqabadın tələbi olub.

Rəsmi bilgilərə görə, Türkmənistanın 6.5 milyon nəfər əhalisi var. Ancaq doğum hallarının azalması və 10 ildən çox sürən iqtisadi böhran bu rəqəmlərə şübhəylə yanaşmağa vadar edir. 2021-ci ildə Türkmənistan rəsmiləri əhali arasında ilkin sorğudan sonra anonimlik şərti ilə AzadlıqRadiosuna bildiriblər ki, ölkədə daimi yaşayanların sayı rəsmi rəqəmin yarısından da azdır.

Bu yazını AzadlıqRadiosunun türkmən Xidməti, Orta Asiya miqrantları bölüyü və Kris Riklton hazırlayıb.

XS
SM
MD
LG