Keçid linkləri

2025, 23 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:56

ABŞ xarici yardım proqramlarına xərclədiyi hər dollar üçün əsas axtarır


İraqın şimalındakı muxtar Kürd bölgəsinin paytaxtı Ərbil hava limanında USAID-in 60 ton yardımı.
İraqın şimalındakı muxtar Kürd bölgəsinin paytaxtı Ərbil hava limanında USAID-in 60 ton yardımı.

Dünyanın müxtəlif nöqtələrində humanitar qruplar, qeyri-hökumət təşkilatları, sahibkarlar, fermerlər və hökumətlər Vaşinqtonun planlarını narahatlıqla izləyirlər. Buna səbəb yeni ABŞ prezidenti Donald Trampın xarici yardımı dayandırmasıdır. Yeni administrasiyasının ilk addımlarından biri kimi Tramp ABŞ-nin xarici inkişaf yardımını 90 gün müddətinə dayandıran fərmana imza atıb və bildirib ki, "ABŞ-nin xarici yardımı mənim xarici siyasətimə uyğun olmayan bir şəkildə verilməyəcək".

Tramp uzun müddətdir ki, ABŞ-nin xarici yardım siyasətinə tənqidi yanaşır. Xarici yardım federal büdcənin təxminən 1 faizini təşkil edir. O, prezidentliyinin birinci dövründə, 2018-ci ildə BMT-də çıxışı zamanı bildirib ki, "biz xarici yardımı yalnız bizə hörmət edən və bizim dostumuz olan ölkələrə verəcəyik".

Trampın son fərmanında yardımın hansı ölkələrə, proqramlara və ya benefisiarlara təsir göstərəcəyi konkretləşdirilməyib. Eyni zamanda, bu qərarın ABŞ Konqresi tərəfindən federal büdcədə artıq ayrılmış xarici yardıma təsiri hələ aydın deyil.

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), İdarəetmə və Büdcə İdarəsi AzadlıqRadiosunun yanvarın 22-də ünvanladığı sorğusuna dərhal cavab verməyib. Ağ evdən də şərh gəlməyib.

Yanvarın 22-də Trampın yeni dövlət katibi Marko Rubio deyib ki, ABŞ-nin xərclədiyi "hər bir dollar, maliyyələşdirdiyimiz hər bir proqram və həyata keçirdiyimiz hər bir siyasət üç sadə suala cavab verməlidir: Bu, Amerikanı daha təhlükəsiz edirmi? Bu, Amerikanı daha güclü edirmi? Bu, Amerikanı daha firavan edirmi?".

"22 milyondan çox əfqan üçün fəlakətli olacaq"

Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland ümid edir ki, Əfqanıstana humanitar yardım dondurulmayacaq.

"Əgər belə bir addım atılarsa, yardıma ehtiyacı olan 22 milyondan çox əfqanın taleyi üçün fəlakətli olacaq", –Eqeland yanvarın 22-də AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, inkişaf yardımı rejimə və ya rəhbərliyə deyil, yardıma ehtiyacı olan çox kasıb insanlara yönəldilir.

Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttişliyin hesabatında bildirilib ki, "Taliban" hakimiyyəti ələ keçirdikdən bəri ABŞ Əfqanıstana təxminən 3 milyard dollar həcmində yardım göstərib. Co Bayden administrasiyası tərəfindən təqdim edilən 2025-ci il büdcə təklifi Əfqanıstana səhiyyə, təhsil və digər ikitərəfli yardımlar üçün təxminən 104 milyon dollar ayırmağı nəzərdə tuturdu.

USAID-in rəhbəri Samanta Pauer Ukraynaya gələrək avadanlıqları Dövlət Fövqəladə Hallar Xidmətinə təhvil verir.
USAID-in rəhbəri Samanta Pauer Ukraynaya gələrək avadanlıqları Dövlət Fövqəladə Hallar Xidmətinə təhvil verir.

"Demokratik islahatlar və iqtisadi sabitliyə dəstəyinin azalması siqnalı"

2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri USAID Ukraynaya milyardlarla dollar həcmində humanitar yardım, inkişaf dəstəyi və birbaşa büdcə yardımı ayırıb.

Tramp isə Bayden administrasiyasının Ukraynaya göstərdiyi yardımın miqdarını tənqid edib.

Kiyevdə yerləşən Korrupsiya Əleyhinə Komissiyası (NAKO) adlı qeyri-hökumət təşkilatının tədqiqatçısı Svitlana Musyak AzadlıqRadiosunun Ukrayna xidmətinə bildirib ki, USAID-in Ukraynaya maliyyə yardımının dayandırılması vətəndaş cəmiyyəti proqramlarına mənfi təsir göstərə və "ABŞ-nin demokratik islahatlar və iqtisadi sabitliyə dəstəyinin azalması siqnalı" ola bilər. "Belə hallar dəyişikliklərin həyata keçirilməsini çətinləşdirə bilər, lakin onları dayandırmaz", –Musyak vurğulayıb.

LGBT hüquqlarını müdafiə edən "Bizim Dünya" təşkilatının nümayəndəsi Andriy Kravçuk isə ABŞ-nin Ukrayna cəmiyyətinə yardımını "çox əhəmiyyətli, lakin həlledici deyil" kimi qiymətləndirib.

USAID-in Kosovo üçün yeni qrantının imzalanması mərasimi
USAID-in Kosovo üçün yeni qrantının imzalanması mərasimi

USAID-in Kosovanın taxta sənayesinin inkişafındakı rolu

Kosovonun mərkəzində yerləşən taxta emalı şirkətinin sahibi Kreşnik Şehu ABŞ-nin xarici yardımının ölkəsinin taxta ixracatının artırılmasında kritik rol oynadığını bildirir.

"2014-cü ildə bizim sektorda ixracat 2.5 milyon avro idi. Bu gün isə 150 milyon avrodan çoxdur. Bu, son 10 il ərzində USAID-in töhfəsinin çox böyük olduğunu göstərir. Bu, sektorun böyüməsində çox vacib bir amil olub", - Şehu AzadlıqRadiosunun Kosovo xidmətinə deyib.

USAID 1999-cu ildən bəri Kosovonun inkişafına 1 milyard dollardan çox sərmayə qoyduğunu bildirir.

Agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qaldığını deyir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da mətbuat konfransında bildirib ki, "USAID-in fəaliyyəti 2024-cü il iyunun 1-dən etibarən de-yure dayandırılıb". Nazirin sözlərinə görə, USAID-in Azərbaycanda yardımları ABŞ-nin mənafeyi üçün edilirdi: "Buna görə də biz ABŞ ilə sazişlərə xitam verilməsini, USAID-in layihələrinin dayandırılmasını tələb etdik".

Məsələ ilə bağlı USAID-in mərkəzi ofisinin mətbuat xidmətindən AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib ki, agentlik Azərbaycan xalqına dəstək verməyə sadiq qalır.

"Üç onillikdən çoxdur ki, USAID Azərbaycan xalqı ilə birgə iqtisadi imkanların təşviqi, yerli səhiyyə sistemlərinin gücləndirilməsi və vətəndaşların ictimai həyata daha fəal cəlbi yönündə çalışıb. Biz Azərbaycan xalqına dəstək verməyə, regional sülhün təmin olunması və iqtisadi inteqrasiya istiqamətində işləməyə sadiqik", - USAID-in cavabında bildirilib.

USAID 1991-ci ildən bəri Azərbaycanda həyata keçirilən humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyduğunu bildirir.

XS
SM
MD
LG