Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
Ötən həftə İmişli şəhərində üç nəfərin ölümü və daha bir neçə şəxsin yaralanması ilə nəticələnən avtomobil qəzasından sonra yenidən sosial şəbəkələrdə hakimiyyət-xalq münasibətləri geniş müzakirə mövzusuna çevrildi. Həmin vaxt Dövlət Yol Polisi (DYP) avtomobili başqa bir nəqliyyat vasitəsilə toqquşandan sonra yolun səkisində azyaşlı uşaqlara xəsarət yetirmişdi. Olaydan sonra rayonda etiraz aksiyası keçirilmişdi, "istefa" şüarı səslənmişdi və aksiya iştirakçılarından həbs edilənlər oldu. Rəsmi qurumlar təsdiq etməsə də, saxlananlara polisdə işgəncələr verilməsi ilə bağlı iddialar da səslənir.
Həmin hadisələrin fonunda bəziləri belə bir suala çıxış etdilər: Hakimiyyətin böyük xalq dəstəyi varsa, lokal etirazlar belə nədən sərt qarşılanır?
"Azərbaycanda insan hüquqlarının vəziyyəti bərbaddır"
"Azərbaycanda insan hüquqlarının vəziyyəti bərbaddır. Müsavat Partiyası hesab edir ki, insan haqlarının kütləvi pozulması ciddi böhrana çevrilib. Hüquq-müdafiə təşkilatları siyası məhbusların 330-dan çox olmasını bildirirlər. İnsanların həbs edilmə forması, onlarla həbs yerlərində davranış, işgəncə verilməsi, istintaq və məhkəmədə hüquqlarının pozulması adi hallara çevrilib". Bunu AzadlıqRadiosunun ölkədə son olaylar fonunda insan haqlarının vəziyyəti ilə bağlı sualına cavab olaraq Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib.
Onun fikrincə, bu məsələ ciddi böhran səviyyəsindədir: "Siyasi məhbusların sayı, işgəncələr və s... Azərbaycanın köklü maraqlarına, hədəflərinə ziddir, ölkənin beynəlxalq təşkilatlar və böyük dövlətlərlə münasibətlərinə problemlər yaradır. Bu problemlər arta bilər".
"Hakimiyyət özündən arxayın olsaydı..."
İ.Qəmbər də hesab edir ki, ölkədə ictimai rəyin rəqəmlərlə bilinməsi üçün ya ciddi seçkilər keçirilməlidir, ya da etimad doğuran sosioloji sorğular aparılmalıdır: "Əminəm ki, hakimiyyət özündən arxayın olsaydı, normal seçki keçirərdi. Səsləri düzgün sayıb qalibi müəyyənləşdirərdi və onda ölkə daxilində və dünya miqyasında heç kim iqtidara seçki mövzusunda irad bildirə bilməzdi. Hakimiyyət azad ədalətli seçkilərə getmirsə, bütün siyasi qüvvələrə, vətəndaşlara bərabər seçki şəraiti yaratmırsa, deməli, hakimiyyət dəqiq bilir ki, ictimai rəy onun əleyhinədir".
Onun sözlərinə görə, hakimiyyət xalqla hesablaşmır: "Yəqin ki, hakimiyyət ictimai narazılığın nəzarətdən çıxmaması üçün bəzi meyarlar müəyyənləşdirib və qərarlarını bu meyarlara görə qəbul edir. Amma hakimiyyət bilməlidir ki, bu meyarlar aldadıcı da ola bilər. Xalq narazılığının aşıb-daşma məqamının proqnozunu nə siyasətçilər, nə də alimlər müəyyən edə bilir".
"Xalq prezidentin arxasında yumruq kimi birləşib"
Hakim Yeni Azərbaycan Partiyasında (YAP) isə fərqli düşünürlər. Bu partiyadan olan deputat Məlahət İbrahimqızı mövzu ilə bağlı "Turan"a deyib ki, ölkədə insan haqlarının durumunu çox qənaətbəxş qiymətləndirir: "Siz kimlərin rəylərin əsas götürürsünüz? "Soros", "Human Rights Watch" və s. təşkilatların? İnsanlarımız, - hamısı yox, bəziləri, - hüquqlarının sərhədlərini bilmir, bu mövzuda hələ yetərli maarıfləndirmə yoxdur, bu sahədə boşluqlar var".
O əlavə edib ki, xalqın bir hakimiyyəti var, xalq dəfələrlə prezidentin arxasında bir yumruq kimi birləşib: "Demokratiyanı Amerikada, Avropada görürsüzsə, ədalətli olmalısız. Dünyanın hansı ölkəsində xalqın hamısı hakimiyyətdən razıdır? Məhkəmədə iki tərəf olur və tərəflər özlərinin haqlı olmasına inanır. Amma məhkəmə bir tərəfin xeyrinə qərar çıxarır və ona görə narazılıq olur. Amerikada cəmiyyətin 33 faizi məhkəmədən razıdır və bu, təbiidir. Əlbəttə, Azərbaycanda narazı insanlar kəsimi var və bütün dünyada belələri var, mən bunu təbii sayıram".
Deputat İmişli rayonunda baş verən olaylardan xəbərsiz olduğunu söyləyib: "Doğrusu, İmişlidə nə baş verib, onu bilmirəm, diqqətimdən kənarda qalıb, oxumamışam. İmişlidə bir necə nəfər etiraz edibsə, olsun 10 nəfər, axı bu, xalq deyil, hökumətdən xalqın narazı olması demək deyil".
"Hakimiyyət bundan dərs çıxarmalıdır"
Amma Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri Natiq Cəfərli də son illərdə Azərbaycanda insan haqlarının durumunun ürəkaçan olmadığını bildirir: "Haqq və azadlıqların çərçivələrinin daralması, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının suallar doğuran həbsləri davam edir... Bundan çıxış üçün qərarların verilməsi lazımdır".
Onun fikrincə də, xalqla hakimiyyət orqanları arasında körpü rolunu oynayan seçkili orqanlar olmalıdır: "Amma Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi ciddi müşkülə çevrilib. Ona görə hakimiyyətlə xalq arasında əlaqəni sosial şəbəkələr təmin edir. Ancaq sosial şəbəkələrdə insanlar öz iradlarını, istək və problemlərini bildirə bilirlər. Əgər siyasi məsələ deyilsə, ekoloji, sosial problemdirsə, buna normal adekvat reaksiyalar olur və həmin problemlər həllini tapır. Ancaq siyasi məsələlərlə bağlı sosial şəbəkədə ciddi, kəskin etirazlar olanda həmin şəxslərə repressiv addımların şahidi oluruq".
O, İmişli rayonunda olan etirazları siyasi etiraz hesab etmir: "Bu, daha çox hadisədən doğan qəzəbin ifadəsidir. Amma problem odur ki cəmiyyətdə belə kin, nifrət ab-havası formalaşıb ki, insanların vəziyyətə normal reaksiya bildirməsi mümkün olmadığına görə ancaq belə xaotik nəticələr olur. Hakimiyyət bundan dərs çıxarmalıdır".